Güclü yağış Lənkəranda yenidən fəsadlar törətdi
Lənkəran rayonu ərazisində dekabrın 2-də günürta saatlarından başlayan yağış axşam güclənib.
APA TV-nin cənub bürosunun məlumatına görə, sel suları rayonun ayrı-ayrı yaşayış məntəqələrində yenidən fəsadlara səbəb olub.
Yağışın güclü küləklə müşayiət olunması bir sıra yerlərdə ağacların aşması ilə nəticələnib. Lənkəran şəhərinin əksər küçələrində gölməçələr yaranıb. Sel suları həyətlərə dolub. Maşınların və piyadaların hərəkəti çətinləşib. Rayonun ayrı-ayrı yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda rayonda yağış yağmaqda davam edir.
Qeyd edək ki, oktyabr və noyabr aylarında da intensiv yağışlar nəticəsində Lənkəranda yüzlərlə ev sel sularının altında qalmış, 5-ə yaxın körpünü sel aparmış, sakinlərə xeyli maddi ziyan dəymişdi.