Türkiyəyə neft daşıyan İŞİD-in deyil, Bərzaninin maşınlarıdır - AÇIQLANDI

Rusiya Müdafiə Nazirliyi tərəfindən İŞİD-in Türkiyəyə neft göndərməsinin sübutu kimi təqdim etdiyi görüntülərdə əks olunan yanacaq daşıyan avtomobillər İraqda  kürd muxtariyyətinə məxsusdur.

 

APA-nın “Daily Sabah” nəşrinə istinadən verdiyi xəbərə görə, bu fikirləri Bərzani parlamentinin rəhbəri Şerko Cavdat deyib.

 

Onun sözlərinə görə, sözügedən avtomobillər İraq Kürdüstanından Türkiyənin Ceyhan terminalına doğru hərəkət edir və bu, heç kimə sirr deyil.

 

Parlament spikeri Rusiyanın təqdim etdiyi sübutların etibarlı mənbələrə əsaslanmadığını qeyd edərək, kürd peşmərgələrinin İŞİD-lə mübarizə aparan əsas qruplardan biri olduğunu və Rusiyanın neft şirkətlərinin kürd bölgəsində fəaliyyət göstərdiyini xatırladıb.

 

Qeyd edək ki, dekabrın 2-də Rusiya Baş Qərargah rəisinin müavini Sergey Rudskoy İŞİD-in nəzarətində olan ərazilərdən Türkiyəyə neft daşındığını təsdiqləyən faktlara malik olduqlarını bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ittihamları rədd edərək heç kimin Türkiyəyə iftira atmağa haqqı olmadığını bəyan edib.

 

Müəllif | Apa.Tv
Apa.tv