DSMF Gəncədə “Açıq qapı günü” keçirdi
Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Gəncə şəhərində regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan APA TV-yə verilən məlumata görə, “Dövlət qulluqçularının pensiya təminatı: fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusuna həsr olunan tədbirdə sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.
Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların çoxsaylı sualları cavablandırılıb, dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb.
Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran fondun şöbə müdiri Famil Qədimov bildirib ki, həyata keçirilən islahatlar çərçivəsində dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunması və sığorta-pensiya sistemi vasitəsilə pensiya təminatı reallaşdırılıb. Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır.
Təqdimatla çıxış edən fondun əməkdaşı Azər Məmmədov dövlət qulluqçusu kimi pensiyaya çıxma şərtləri ilə bağlı yaranan bir çox suallara aydınlıq gətirib.
Dövlət Sosial Müdafiə Fondunun digər əməkdaşı Elnur İbrahimovun fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə edilib.