Kürdəmirdə 34 yaşlı kişini maşın vurub öldürdü
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində Kürdəmir-Ağsu-İmişli yolunun 28-ci kilometrliyində, rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayonunun Cəyli kənd sakini, 31 yaşlı Ceyhun Münasib oğlu İsmayılov idarə etdiyi 10 CM 585 dövlət nömrə nişanlı "Daewoo-Nexia" markalı minik maşını ilə yolu keçən piyada, rayonun Şıxımlı kənd sakini, 34 yaşlı Rəfail Cəbrayıl oğlu Quliyevi vurub.
Yaralı ağır xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, R.Quliyev orada ölüb.
İlkin ehtimala görə, qəzaya səbəb havanın yağışlı olması və sürət həddinin havaya uyğun seçilməməsi olub.
Faktla bağlı araşdırma aparılır.