Qaxda evlərdən oğurluq edən dəstə ələ keçdi

Qaxda oğruluqla məşğul olan 3 nəfərdən ibarət dəstə tutulub.

 

Qax Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Qax şəhər sakini, əvvəllər məhkum olunmuş 24 yaşlı Səbuhi Məmmədov, Şuşa şəhərindən məcburi köçkün, Qax şəhərində yaşayan 19 yaşlı Şəhriyar Məmmədli və 29 yaşlı Elnur Aşurov əvvəlcədən əlbir olaraq şəhər ərazisində bir neçə vətəndaşın evinə giriblər.

 

Səbuhi Məmmədov və Şəhriyar Məmmədli oktyabr 14-də gecə saat 01:00 radələrində Qax şəhər sakini Rasim İsrafilovun yaşadığı evin tavanını kəsərək evə daxil olublar və oradan bir ədəd televizor, DVD, xalça, qaz balonu, ütü, tozsoran, ventilyator, servis dəsti, stəkan dəsti, büllur qablar, paltarlar, mişar, kərki, kəlbətin, qayçı və başqa məişət əşyaları götürüblər.

 

Noyabrın 28-də Elnur Aşurov və Səbuhi Məmmədov əvvəlcədən planlaşdırdıraraq, Qax şəhəri Vaqif küçəsində Hacıəhməd Cəbrayılovun yaşayış evinə daxil olub, oradan 130 manat pul, 330 gürcü larisi, 1000 rus rublu və içərisində 314 manat məbləğində pul olan iki ədəd pensiya kartı, üç ədəd qadın ayaqlıqları, dörd cüt corab və bir ədəd kişi idman şalvarı talayaraq oğurlayıblar.

 

İki gün sonra, 30 noyabr tarixinə keçən gecə Səbuhi və Elnur Qax şəhər sakini Ramiz Mirzəyevin evinə qanunsuz olaraq daxil olmaqla orada qarajdan bir ədəd elektrik çörək bişirən və "Toyota Prado" markalı avtomobilin içərisindən 150 manat pul oğurlayıblar.

 

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hər üç şəxs saxlanılıb və onların barəsində həbs-qətiimkan tədbiri seçilməklə cinayət işi açılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv