Moskvada biznesmenləri oğurlayan iki Azərbaycan vətəndaşı tutuldu
Moskvada adam oğurluğu və soyğunçuluqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın Rusiya DİN Baş İstintaq İdarəsinin saytına istinadən verdiyi məlumata görə, onlar sonuncu belə əməli noyabrın 20-də törədiblər. Moskva sahibkarlarından birini oğurlamağa çalışsalar da, buna nail ola bilməyiblər. Hadisədən 6 gün sonra isə saxlanılıblar.
Yaşadıqları ünvanda axtarış zamanı soyuq silah və noyabrın 20-də hadisə yerindən qaçdıqları avtomobil aşkarlanıb. Məlum olub ki, onlardan biri daha əvvəl Azərbaycanda qətl hadisəsi törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda həmin şəxslərin daha hansı cinayətlər törətdiyi araşdırılır.