Bakı metrosunda İLK: sərnişinlərə konsert verilir

Bura Bakı Metropoliteninin "28 May" stansiyasıdır. Bu gün metroya daxil olan sərnişinlər maraqlı səhnə ilə qarşılaşıblar.

 

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev APA TV-yə deyib ki, bu, dahi bəstəkar Üzeyir Hacıbəyovun 130 illik yubileyi ilə əlaqədar sosial bir layihədir: "Biz də "Bakı Metropoliteni" QSC olaraq belə qərara gəldik ki, dahi bəstəkarımızın yubileyinə dair bir töhfə verək, eyni zamanda sərnişinlərimizə xoş təəssürat bağışlayaq. Belə bir sosial layihə həyata keçirdik. Layihə bu ayın sonunadək həftənin 5-ci günü "28 May" metro stansiyasında, 6-cı gün isə "İçərişəhər" stansiyasında müəyyən saatlarda keçiriləcək. Çıxış edənlər Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarıdır".

 

Sərnişinlərə klassik musiqi ilə yanaşı, milli musiqi nümunələri də təqdim edilib.

 

Metroda keçirilən bu sosial layihəni sərnişinlər də yüksək dəyərləndirib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova