Ziyafət Əsgərov: “Xaricdə dini təhsil alırlar, sonra da Nardaran hadisələri baş verir"

Milli Məclisin növbəti plenar iclası başlayıb. APA TV-nin məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun spikerliyi ilə keçirilən iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

 

İclas "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi ilə başlayıb.

 

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov layihə barədə millət vəkillərinə məlumat verib. O bildirib ki, bəzi hallarda din pərdəsi adı altında ayrı-ayrı dövlətlər, təşkilatlar öz ideyalarını Azərbaycanda ixrac etməyə cəhd göstərirlər. Komitə sədri onu da əlavə edib ki, yeni qanun layihəsinin Nardaran hadisələri ilə heç bir əlaqəsi yoxdur.

 

Qanun layihəsinin müzakirəsi zamanı I vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycanda 2007-ci ildə Milli Təhlükəsizlik Konsepsiyası, daha sonra milli təhlükəsizliklə bağlı qanun qəbul edilib: “Konstitusiyada aydın yazılıb ki, din dövlətdən ayrıdır. Nardaranda məsciddə nə işlə məşğul idilər? Yaxud qara bayraqlar asırlar, bunu imamların adı ilə bağlayırlar. Bir əsr əvvəl Sabir, Axundov və başqaları dini xurafata qarşı mübarizə aparıblar, biz də bu gün mübarizə aparırıq. Görün, o kişilər nə qədər böyük olublar?! Baxıram, Nardaranda 2-3-cü sinif uşaqları necə tərbiyə olunurlar? Azərbaycan dövləti 1990-cı illərin dövləti deyil ki, kim istəsə, bir bayraq taxsın. Məscidlərdə bir bayraq - Azərbaycanın dövlət bayrağı taxıla bilər. Bu dövlət Heydər Əliyevin əmanətidir. Əmanətə xəyanət edən cəzalandırılacaq”.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Daha sonra “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.

 

Millət vəkili Fazil Mustafa dini atributlar məsələsinə aydınlıq gətirilməsini istəyib: “O halda təsbeh də, ətir də atributdur. Ona görə də atribut məsələsinin çıxarılmasını təklif edirəm. Digər tərəfdən, İslam dinində heç bir dini bayraq yoxdur. Əməvilərin, Abbasilərin öz bayrağı olub, peyğəmbər döyüşə gedəndə ayrıca bayraqla gedib. Bu gün də İslam adlanan dövlətlərin hamısının bayraqları fərqlidir. Azərbaycan cəmiyyətini İslama aid olmayan bayraq və atributlardan qurtarmaq lazımdır”.

 

MM sədrinin I müavini Ziyafət Əsgərov Azərbaycandan dövlət xətti ilə dini təhsil almağa göndərilənlər olmadığını bildirib: “Praktika göstərdi ki, xaricdə dini təhsil alanlar o ölkələrin ab-havasını gətirirlər, sonra da Nardaran hadisələri baş verir. Azərbaycanda İslam Universiteti, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi mövcuddur. Xaricdə dini təhsilə nə ehtiyac var? Gördük ki, gedənlər sonra nə edirlər”.

 

Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

 

İclasda deputat Qüdrət Həsənquliyev bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən xüsusi əməliyyat keçirilərkən jurnalistlər üçün brifinqlər təşkil edilsin: "Belə brifinqlər dövlət sirri olan məlumatın yayılmasının qarşısını almağa imkan verəcək".

 

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna müvafiq dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında təsdiq edilib.

 

İclasda həmçinin Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı