Astarada ikimərtəbəli evi ildırım vurdu
Ötən gecə cənub bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində çaxan güclü şimşək Astara rayonunda yaşayış evinə ildırım düşməsi ilə nəticələnib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bədbəxt hadisə rayonun Şiyəkəran kənd sakini Zöhrab Dadaşova məxsus evdə qeydə alınıb.
Saat 10:00 radələrində evin birinci mərtəbəsində oturan 6 nəfərdən ibarət ailə üzvləri evdə partlayışa bənzər səs eşidərək ikinci mərtəbəyə qalxıblar. Ev sahibi Zöhrab Dadaşovun sözlərinə görə, bu zaman bütün işıqları sönərək tüstüyə qərq olan evdə güclü təkanlar baş verib: "İldırım çaxan vaxt birinci mərtəbədə partlayış baş verdi. Biz qalxdıq ikinci mərtəbəyə gördük, "patalok" hamısı dağılıb".
İlkin ehtimala görə, ildırım əvvəlcə yaşayış evinin arxasında olan elektrik dirəyindəki sayğacı sıradan çıxarıb, daha sonra naqillər vasitəsilə evə daxil olub. Bundan sonra divar daxili çəkilən elektrik xətlərini və otaqları yarasız hala salaraq damdan çıxıb: "Mənə təqribən 4,5 min manat ziyan dəyib. Elə bil ki, 8 otaqdan 6-sı dağılmış vəziyyətdədir".
Baş verən hadisədə ciddi xəsarət alan olmasa da, 84 yaşlı nənə hələdə olayın şokundan özünə gələ bilməyib: "Anam uzanıb, hələ də şok vəziyyətindədir, ayılmayıb. Qorxudan hamımız şok vəziyyətindəyik".
Qeyd edək ki, güclü şimşək çaxması nəticəsində kəndin əksər evlərində də televizor və soyuducular sıradan çıxıb.