İşıqlar sönüb-yandı, soyuducu partladı, güclü yanğın baş verdi

Sumqayıtda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Yanğın beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində Quliyev Xəyal Etibar oğluna məxsus mənzildən başlayıb. Ümumi sahəsi 28 kv.m olan ikiotaqlı mənzilin yanar konstruksiyaları və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd işıq, 4 ədəd su, 2 ədəd qaz sayğacı yanıb.

 

Ev sahibi Xəyal Quliyev hadisə zamanı evdə olmadığını deyir: “Bacım yataq otağında yatıb, anam hamamda olub. Anidən soyuducu partlayıb. Qonşular da, anam da deyir ki, gün ərzində işıqlar dəfələrlə yanıb-sönüb. Soyuducu partlayıb, pəncərə şüşələri sınıb. Evdəkilər təlaşa düşərək, evdən çıxıblar. Həmin vaxt yanğın başlayıb".

 

Yanğın zamanı bina sakinlərindən 3 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib, 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

 

Zəhərlənənlərin hamısı eyni ailənin üzvləridir və yanğın baş verən binanın üçüncü mərtəbəsində yaşayırlar. Yanğın nəticəsində 57 yaşlı Hüseynağa Şirəliyev, onun həyat yoldaşı, 52 yaşlı Tünzalə Şirəliyeva və qızı, 30 yaşlı İradə Şirəliyeva tüstüdən zəhərləniblər. Onlar yanğın başladıqdan sonra mənzildən çıxaraq, binanı tərk etmək istəsələr də, dəhlizdə zəhərləniblər.

 

Zərərçəkənlərdən 30 yaşlı İradə Şirəliyevanın vəziyyəti daha ağırdır və Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv