“Günəşli” yatağında güclü yanğın davam edir, 42 neftçi təxliyə olundu
Dekabrın 4-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın başlayıb.
Dövlət Neft Şirkətinin yaydığı məlumata görə, dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub. İlk növbədə özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradıb. Lakin buna baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyə işləri həyata keçirilib. Yanğın baş verən zaman platformada 42 nəfər olub.
“Azneft” İstehsalat Birliyində operativ qərargah yaradılıb. Platformada qalanların yaxınları qərargahdan operativ məlumat ala bilirlər.
Hadisə ilə bağlı SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya da yaradılıb.
“Günəşli” yatağındakı yanğın baş verən 10-cu dərin dəniz özülündə işçilərin təxliyəsi artıq başa çatıb. Platformadakı bütün işçilər yanğın baş verən ərazidən çıxarılıb. Dövlət Neft Şirkəti bildirir ki, işçilər arasında ölən və xəsarət alan yoxdur.
Səhər saatlarında “Azneft İB-dən APA TV-yə verilən məlumata görə, platformada yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Xatırladaq ki, dünən həmçinin “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə uçurub. Hadisə baş verərkən NQÇİ-nin 3 neftçisi köşkdə olub. Dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb, hadisə rayonuna FHN-in 1 helikopteri və “Vixr-5” yanğınsöndürən gəmisi cəlb edilib. İtkin düşən neftçilərin axtarışına SOCAR-ın əraziyə cəlb edilmiş gəmiləri də qoşulub.