ABŞ-da terror aktını İŞİD törədib - AÇIQLANDI
ABŞ-ın Kaliforniya ştatında 14 nəfərin öldüyü silahlı hücumda iştirak edən qadının İŞİD-lə əlaqəsi ortaya çıxıb.
San Bernardino şəhərindəki hücumu törədənlərdən 27 yaşlı Tasfeen Malikin internet üzərindən İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içdiyi təsbit edilib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama çərşənbə günü bildirmişdi ki, hücumda iştirak edən ər və arvadın İŞİD-lə əlaqəsi ola bilər. 14 nəfəri öldürən və evlərində aparılan axtarış zamanı silah-sursat tapılan şübhəlilərin bu hücumu niyə həyata keçirdikləri istiqamətində araşdırmalar davam edir.
Tasfeen Malikin əri olduğu bildirilən 28 yaşlı Syed Rizvan Fərrux xüsusi təyinatlıların hücumu zamanı öldürülüb.
ABŞ Federal Tədqiqatlar Bürosu Kaliforniya ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib. Bu barədə FTB-nin nümayəndəsi bildirib. Onun sözlərinə görə, hələlik saxlanılan yoxdur. Lakin araşdırma nəticəsində həbs edilənlər olacaq.
Xatırladaq ki, iki gün əvvəl ABŞ-ın San-Bernardino şəhərində məhdud fiziki imkanlı şəxslər üçün mərkəzdə baş verən silahlı hücum nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.