Bakıda bütün binaların su xətləri zirzəmidən çıxarılacaq
İki il ərzində paytaxt bakının fasiləsiz su təchizatı iki dəfə artırılıb. Əgər 2010-ci ilin sonlarına kimi Bakı şəhərinin 38 faizi 24 saat içməli su ilə təchiz olunurdusa, indi bu göstərici 63 faizə çatdırılıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı APA TV-də yayımlanan “Sosium” verlişində bildirib ki, ilin sonuna kimi bu göstərici bir qədər də artırılacaq.
Bu günə kimi 100 mindən artıq Smart kart tipli sayğaclar quraşdırıldığını bildirən “Azərsu” rəsmisi ən böyük çətinliklərin yığımla bağlı olduğunu deyir. Yığımlar hələ də 85 faizlik həddi keçməyib. Su təhcizatı ilə bağlı son günlərin bəlkə də ən maraqlı hadisəsi bina evlərinə suyun verilişində edilən dəyişikliklərdir. Bundan sonra bütün xəttlər zirzəmilərdən çıxarılacaq və içməli su hər evə fərdi şəkildə veriləcək.
O ki qaldı, bir balaca yağış yağan kimi Bakının Venesiyaya çevirilməsinə, Anar Cəbrayıllı deyir ki, bunun üçün yeni bir master plan hazırlanır. Bu plana əsasən çirkab suların axıdılması üçün kollektorlar bir birindən ayrılacaq və bundan sonra hər il baş verən problemlər aradan qalxacaq.
Hazırda bütün çirkab suların Hövsanda sutəmizləyici kollektora yönəldilməsi çox baha başa gəldiyindən “Azərsu” ASC yeni plan hazırlayıb. Bu plana əsasən, Lökbatan qəsəbəsi yaxınlığında yeni sutəmizləyici qurğu inşa edilir.