Lerikdə qarın qalınlığı 60 santimetrə çatdı

Ötən gecə Lerik rayonuna güclü qar yağıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, qarın hündürlüyü Lerikin mərkəzində 40 sm, ucqar ərazilərdə isə 50-60 sm təşkil edib.

 

Yağan qar daha çox rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Qarın ağırlığına tab gətirməyən min metrlərlə elektrik naqili qırılıb, xeyli sayda dirəklər aşıb. Nəticədə ötən gecədən rayonun 90 faizi elektrik enerjisiz qalıb.

 

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, hazırda 100-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb: "Elektrik təsərrüfatımıza ziyan dəyib. 60-cı illərdən sonra uzun müddət əsaslı təmir aparılmayan təsərrüfatda dirəklərin yıxılması, məftillərin qırılması nəticəsində 100-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb”.

 

Lerik şəhəri və ətraf kəndlər isə işıqla təmin olunub. Rayon elektrik təsərrüfatının işçiləri və eyni zamanda ərazi icra nümayəndələri, bələdiyyələr təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün gücləndirilmiş iş rejiminə keçiblər. Bəzi yaşayış məntəqələrinin günün sonuna kimi işıqla təmin olunması nəzərdə tutulub.

 

Qeyd edək ki, güclü qar Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkətinə mane ola bilməyib.

 

Müəllif | Apa.Tv