OPEC-in 5 saatlıq toplantısı: yanlış xəbər nefti ucuzlaşdırdı

Neft ixrac edən ölkələrin təşkilatı - OPEC gündəlik neft hasilatı kvotasını olduğu kimi saxlamaq barədə qərar qəbul edib. Təşkilatın Vyanadakı baş qərargahında keçirilən nazirlər toplantısı 5 saat davam edib.

 

"Bloomberg" agentliyi toplantı iştirakçılarından birinə istinadən məlumat yayıb ki, sutkalıq neft hasilatının 1,5 milyon barel artırılması haqqında qərar qəbul edilib və sutkalıq kvota 31,5 milyon barelə çatdırılıb. Bu məlumatdan sonra London birjasında neftin bir barelinin qiyməti 1,5 dollar aşağı düşüb və “Brent” markalı neftin bareli 43 dollara satılıb.

 

Amma, sonradan məlum olub ki, yayılan məlumat həqiqətə uyğun deyil. İranın neft naziri Bijən Namdar Zəngənə jurnalistlərə bildirib ki, neft hasilatı kvotası ilə bağlı yeni qərar qəbul edilməyib və OPEC-ə üzv ölkələr arasında müzakirələr davam edəcək.

 

İraqın neft naziri Adil Əbdülmehdi isə deyib ki, mövcud strategiyanın davam etdirilməsi barədə qərar qəbul edilib.

 

OPEC-in toplantısında bildirilib ki, iyunda keçirilən son görüşdən sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neft və neft məhsulları ehtiyatı artmaqda davam edib. Son göstəricilərə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvləri və təşkilata daxil olmayan ölkələrdə neft ehtiyatları son beş ilin göstəricilərini kəskin üstələyir.

 

OPEC belə nəticəyə gəlib ki, 2016-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olmayan ölkələrdən neft nəqli azalacaq, dünyada neftə olan tələbat isə gündəlik 1,3 milyon barelədək artacaq. OPEC konfransının işçiləri razılığa gəliblər ki, kartel üzvləri yaxın aylarda vəziyyəti diqqətlə izləməlidirlər.

 

Rusiya və Türkiyə arasında münasibətlərin gərginləşməsinə, Moskvanın Ankaraya qarşı ittihamlarına OPEC səviyyəsində də münasibət bildirilib. Təşkilatın baş katibi Abdullah Əl-Bədri İŞİD-lə Türkiyə arasında neft alveri ilə bağlı Rusiya tərəfindən irəli sürülən iddialardan danışarkən bildirib ki, İŞİD-in hansısa ölkə ilə neft ticarətinə dair heç bir sübut yoxdur. OPEC-in baş katibi deyib ki, İŞİD-lə Türkiyə arasında neft biznesi barədə iddialar əsassızdır.

 

OPEC-in növbəti toplantısı 2016-cı ilin iyununda keçiriləcək.

 

 

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv