İraq Türkiyədən bu ölkədəki qoşunlarını çıxarmağı tələb etdi

İraq hökuməti Türkiyədən bu ölkənin ərazisindəki ordu hissələrini dərhal çıxarmağı tələb edib. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, hökumət rəsmiləri Türkiyənin Mosul yaxınlığındakı Başika ərazisinə ordu yerləşdirməsini ölkə suverenliyinin pozulması kimi dəyərləndirib. Ölkənin Xarici İşlər Nazirliyi Türkiyənin addımlarını təcavüz olaraq qiymətləndirib və rəsmi Bağdadla razılaşdırılmadan hər hansı hərbi əməliyyatın keçirilməsini mümkünsüz sayıb.

 

Qeyd edək ki, daha öncə verilən məlumatlarda İŞİD-ə qarşı vuruşan kürd peşmərgə qüvvələrinə dəstək məqsədilə Türkiyənin Başikaya 130 hərbçi göndərdiyi bildirilir. Bu arada, Birləşmiş Ştatlar Türkiyənin bu addımı beynəlxalq koalisiyanın İŞİD-ə qarşı əməliyyatları çərçivəsində atmadığını bildirib.

"Biz Türkiyənin İraqın şimalına qoşun yerləşdirməsindən xəbərdarıq. Lakin, bu addım Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın tərkib hissəsi deyil".

Müəllif | Apa.Tv
Apa.tv