Suriyada öldürülən azərbaycanlının atası: “Əsədə qarşı kəndimizdən 4 nəfər döyüşür”

Son zamanlar Suriyada hökumət qüvvələrinə qarşı döyüşən silahlılar arasında azərbaycanlıların olması xəbərləri gündəmi zəbt edib. Vəhhabi təriqətindən olan bu azərbaycanlılardan 6 nəfər döyüşlərdə öldürülüb. Ən müxtəlif yollarla Suriyaya gedən Azərbaycan vətəndaşları arasında Zaqatalanın Muxax kəndinin sakinləri də var. İyunun ortalarında Suriyada gedən döyüşlərdə öldürülən Rəşad Məmmədovun atası Zəkəri Məmmədov APA TV-yə açıqlamasında hazırda Suriyada gedən döyüşlərdə bu kənddən dörd nəfərin iştirak etdiyini bildirib. Zəkəri Məmmədov böyük oğlunun hazırda Muxax kəndində yaşadığını, kiçik oğlunun isə Dağıstanda olduğunu bildirib. Onun sözlərinə görə, ortancıl oğlu, 1982-ci il təvəllüdlü Rəşad Məmmədov Naxçıvanda hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Zaqatalada özünə iş tapa bilməyən Rəşad Dağıstana işləməyə gedib.
 

Suriyada öldürülən Rəşad Məmmədovun atası Zəkəri Məmmədovun sözlərinə görə, oğlu Rəşad Məmmədovla bərabər kənddən daha 3 nəfər Suriyaya getmək adı ilə fevralın ortalarında kəndi tərk ediblər. Onlardan biri Zəkəri Məmmədovun qardaşı oğlu Vahid Məmmədov, digərləri Süleymanov Rizvan İsmayıl oğlu və Əhmədov Qalib Mütəllib oğludur. Bu şəxslər Türkiyəyə gedərək, oradan Suriya ərazisinə keçiblər.

Qardaşı oğlu Vahid Məmmədov haqqında danışan Zəkəri Məmmədov onun Suriyaya getməzdən əvvəl Muxaxda deyil, Dağıstanda yaşadığını, lakin tez-tez kəndə gəlib-qayıtdığını bildirib. Əmisinin sözlərinə görə, Vahid Məmmədov iyunda Suriyada gedən döyüşlərdə gözündən yaralanıb. Müalicə olunan Muxax sakini yenə döyüşlərdə iştirak edir. Vahid Məmmədov 3-4 gün əvvəl telefon vasitəsilə anası ilə əlaqə saxlayıb, sağ-salamat olduğunu bildirib.

 

Suriyada döyüşlərdə öldürülən Rizvan Süleymanovun anası Xaccat Qədirova APA TV-yə yalnız şifahi açıqlama verməyə razı olub. Oğlunun Suriyaya getməzdən əvvəl kənddə zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin tikintisində usta kimi işlədiyini deyən ananın sözlərinə görə, Rizvan Süleymanov fevralda işləmək adı ilə Bakı gedib. Xaccat Qədirova oğlunun Suriyada olduğunu bir müddət sonra kənd sakinlərindən eşitdiyini bildirib.

 

Suriyada gedən döyüşlərdə iştirak edən Əhmədov Qalib Mütəllib oğlu haqqında məlumat isə daha azdır. Kənd sakinlərinin sözlərinə görə, Qalib Əhmədovun səhhətində problemlər olduğu üçün döyüşlərdə iştirak etmir, o yalnız kompüter vasitəsi ilə görülən işlərə cəlb edilib.

 

Muxax kəndində uzun saqqal saxlayan, vəhhabi təriqətinin nümayəndələrinə tez-tez rast gəlmək olar. Kənd sakinləri ilə söhbətdə məlum olur ki, kənddə sayları dəqiq bilinməsə də, vəhhabi təriqətinə tapınan kifayət qədər şəxs var. Onlar Suriyaya dföyüşmək üçün gedənlərin də vəhhabi olduğunu bildirirlər.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov