Vətəndaşlardan pul alaraq ölkədən qaçmaq istəyən şəxs sərhəddə saxlanıb
Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadan Cəlilabad rayon sakinini ölkəni tərk etmək istəyən zaman Qusar rayonunun Yalama gömrük keçid məntəqəsinin yaxınlığında saxlayıb. Bu barədə APA TV-nin Cənub bürosuna Astara RPŞ-nin baş müstəntiqi Samir Həsənov məlumat verib.
Məlumata görə, vətəndaşların müraciəti əsasında yaradılan əməliyyat tədbirləri nəticəsində barəsində cinayət işi başlanmış Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Abışov Əzizağa Abasəli oğlunun kimliyi müəyyənləşdirilib. Məlum olub ki, əvvəllər hərbçi olan, polkovnik - leytenant rütbəsinə qədər yüksələn bu şəxs ordudan xaric edildikdən sonra asan qazanc əldə etmək fikrinə düşüb. "Sahibkarlıq və Hüquq" MMC-də işə düzələn bu şəxs getdiyi rayonlarda təmsil etdiyi MMC-də işə düzəltmək adı altında ayrı-ayrı vətəndaşlardan böyük məbləğdə pul alıb. 2015-ci ilin may ayında Astara rayonunun Ərçivan qəsəbə sakini Mahmudova Rumanə Mahmud qızını aldadaraq işə düzəltmək adı ilə ondan 2900 manat, iyun ayında Astara rayonunun Ərçivan qəsəbə sakini Məmmədov Mehman Məmməd oğlunun etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə aldadaraq 800 manat, iyul ayında Astara rayonunun Ərçivan qəsəbə sakini Babayev Tosif Tofiq 960 manat pulu dələduzluq yolu ilə ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurub.
Bundan başqa Ərçivan qəsəbə sakini Əliyeva Rəsmiyyə Hacıbaba qızı, təqsirləndirilən şəxs qismində saxlanılan Əzizağa Abışovun 2015-ci ilin iyul ayında onun dükanına vergi əməkdaşı kimi daxil olduğunu, sonuncunun başının qarışıq olmasından istifadə edərək dükandan 600 manat dəyərində kontur və 400 manat məbləğində pul oğurladığını iddi edir.
Təqsirləndirilən şəxs Əzizağa Abışov törətdiyi əməldən peşman olsa da, aldığı pulların bir qismini MMC-nin baş direktoruna verdiyini söyləyib.
Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.