"Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıldı - SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev  “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

APA TV-nin məlumatına görə, sərəncamda deyilir ki, 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verib. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunub. İlkin məlumata görə 1 nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.  

 

Dövlət başçısı xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə Dövlət Komissiyası yaradıb. Komissiyaya baş nazir Artir Rasi-zadə sədr təyin olunub.

 

Dövlət Komissiyasına - itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etmək, hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək tapşırılıb.

 

Sərəncama əsasən, dövlət komissiyası qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini, qəza nəticəsində xəsarət alanların müalicəsini, qəza nəticəsində dərin dəniz özülünün yararlılıq vəziyyətinin və ona dəymiş zərərin müəyyənləşdirilməsini təmin etməli, görülmüş işlər haqqında Prezidentə mütəmadi məlumat verməlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv