ABŞ-ın Azərbaycandakı səfiri: “Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini istəyirik”
“Biz istəyirik ki, seçkilər azad ədalətli və şəffaf şəkildə keçirilsin. İcra hakimiyyətinin başçısı bildirdi ki, onların da belə istəkləri var. Biz həmişə olduğu kimi səfirlik olaraq yenə bildiririk ki, biz seçkilərin azad və ədalətli keçirilməsinə çağırırıq. Bu seçim Azərbaycan xalqının etməli olduğu seçimdir”. Bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncəyə səfəri zamanı bildirib. Səfir Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevlə görüşdə seçkilər barəsində fikir mübadiləsinin aparıldığını bildirib. APA TV-nin məlumatına görə, Riçard Morninqstar qeyd edib ki, səfirliyin müşahidəçilər qrupu Gəncəyə səfər edəcək və seçki prosesini izləyəcək.
Ricard Morninqstar Gəncədə olan 4 Dairə seçki komissiyaların rəhbərli ilə görüşüb, sonra həyat yoldaşı Faith Morninstar ilə birgə Gəncədə keçirilən “Qadın liderliyi” konfransına qatılıb. Konfransda Qərb bölgəsini təmsil edən 50-dən artıq iştirakçı, dövlət strukturlarının, qeyri hökümət təşkilatlarının nümayəndələri və gender sahəsində ekspertlər iştirak ediblər. Konfransın keçirilməsində məqsəd Avropa ölkələrinə mübadilə programları təşkil etməklə vətəndaşların, xüsusilə gənc qadınların liderlik bacarıqlarını inkişaf etdirməkdir.
Qeyd edək ki, amerikalı diplomat səfər çərçivəsində Gəncədə məcburi köçkünlər üçün salınan qəsəbə ilə tanış olacaq. Səfirin Gəncədə və ətraf rayonlarda fəaliyyət göstərən Sülh Korpusunun və QHT-lərin nümayəndələri ilə görüşü də gözlənilir.