Operativ qərargah: Axtarışlar nəticə verməyib - SON MƏLUMAT

"Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb".

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib: "Saat 23:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir. Axtarış tədbirləri yalnız gəmilərlə aparılır, hava işıqlanan kimi helikopterlər də axtarış tədbirlərinə qoşulacaqlar".

 

Baş mühəndis əlavə edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi dənizdəki qərargah 5 nömrəli platformadan "Nefteqaz-62" gəmisinə köçürülüb: "Qərargah 10-cu özülə nisbətən də yaxınlaşıb. Artıq dizel generatoru vasitəsilə 10-cu özülün müəyyən hissəsinə enerji vermək mümkün olub. Orada projektorlar qurulub, təmir briqadaları işlərin böyük hissəsini görüblər. Paralel olaraq qonşu özüllərdə xüsusi tərtibatların hazırlanması işləri gedir. Yanğının söndürülməsi prosesi platformanın üzərində aparılacaq. Azərbaycan Dövlət Neft Şirkətinin prezidentinin göstərişinə əsasən, sabah günün birinci yarısı qərargah özülün üzərinə köçürüləcək".

 

Balamirzə Ağarəhimov qeyd edib ki, hazırda yanğının söndürülməsi prosesində 5 gəmi iştirak edir.

 

Müəllif | Apa.Tv