Rövnəq Abdullayev platformaya, vitse-prezidentlər isə xəstəxanaya getdilər
Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentləri “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər.
APA TV-nin məlumatına görə, vitse-prezidentlər Xalik Məmmədov, Elşad Nəsirov, Bədəl Bədəlov, Tofiq Qəhrəmanov xəstələrin səhhəti ilə maraqlanıb, onlarla bağlı həkimlərdən məlumat alıblar.
Qeyd edək ki, ötən gün Ombudsman Elmira Süleymanova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, millət vəkili Səttar Mehbalıyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və səhiyyə naziri Oqtay Şirəliyev də xəstələrə baş çəkib.
Qəzada xəsarət almış 8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev isə hadisə baş verən platformaya gedib. Hadisə yerində olan şirkət prezidenti hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir.
R.Abdullayevin xilasetmə işləri tam bitənə kimi hadisə yerində olacağı bildirilir.