Qəza baş verən özülün rəisi: "Qayığa ən sonuncu mən mindim..."
"Həmin gün çox güclü, yəni şimal-qərb küləyi əsirdi. Şimal hissədə yerləşən kəmərlərdə cırılma baş verdi. Həmin an da qırılma zamanı yanğın oldu. Bununla da bütün platformanı yanğın bürüdü. Məcbur olub insanları təxliyə etdik, qayıqlara mindirib dənizin müəyyən səviyyəsinə qədər düşə bildik".
APA TV-nin məlumatına görə bunu Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunan Azərbaycan Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10-cu dərin dəniz özülün rəisi Allahverdi Məmmədov deyib.
Onun sözlərinə görə, əsas məqsəd platformadan uzaqlaşmaq idi: "Platformada 63 işçi var idi. Onlardan 27 nəfəri mənim olduğum qayıqda olub. Digərləri isə o biri qayıqda idi. Mənimlə olan bütün işçilər xilas olub. Digərlərindən isə xəbərim yoxdur".
Allahverdi Məmmədov bildirib ki, platformada fövqəladə vəziyyətlər üçün işçi sayına görə kifayət qədər qayıq olub: "Həmin qayıqlarda adətən 42 nəfərlik yer olur. Özündə isə 4 şlupka olur. Onlardan 2-si şərq tərəfdə idi. Ancaq onlara heç cür yaxınlaşmaq olmurdu. Çünki külək qərbdən şərqə vururdu. İkisi isə şimalda idi ki, o da insanların sayına bəs edirdi. Yəni qayıqdakı yerlərin sayı orda olanların sayından çox idi. Rəhbərliyə məlumat verəndə onlar operativ şəkildə yaxında olan bütün xilasediciləri platformaya göndərmişdilər. Sadəcə, dalğa o qədər böyük idi ki, gəmi bizə yan ala bilmirdi. Bu, heç mümkün də deyildi. Çünki həmin gəmi özü xəta törədə bilərdi. Təsəvvür edin ki, dalğanın hündürlü 13-14 metr idi. Ona görə də xilasetmə işləri vaxt tələb edirdi".
Özül rəisi qeyd edib ki qayıqda olan bütün işçilərin əynində xilasedici jiletlər olub. Hər kəsə də təlimat verilib. Qayığa ən sonuncu da özü minib.
Xəstəxanaya yerləşdirilən digər yaralılar da hər şeyin bir anda baş verdiyini, partlayışdan sonra güclü yanğının olduğunu vurğulayıblar.