Biləsuvarda dəhşətli yol qəzası: bir ailənin 4 üzvü öldü
Biləsuvarda ölümlə nəticələnən dəhşətli qəza baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gün günorta saatlarında Ələt-Astara magistralının 115-ci kilometrliyində, yolun rayonun Aşağı Cürəli kəndindən keçən hissəsində qeydə alınıb.
Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 29 yaşlı Mansur Firudin oğlu Bayramovun idarə etdiyi “VAZ-21015” markalı, 12 BD 920 dövlət nömrə nişanlı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Astara şəhər sakini Əlvan Cəfər oğlu Şəfiyevin idarə etdiyi “MAN” markalı yanacaq daşıyan qoşqulu yük maşını ilə toqquşub.
Güclü zərbə nəticəsində minik avtomobili yararsız vəziyyətə düşüb, onun sərnişinləri olan bir ailənin dörd üzvü - 29 yaşlı Tərlan Füzuli oğlu Bayramov, onun həyat yoldaşı, 29 yaşlı Günay Salaməli qızı Bayramova, uşaqları - 5 yaşlı Nərmin və 4 yaşlı Səkinə Bayramovalar hadisə yerindəcə dünyasını dəyişiblər.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış avtomobilin sürücü isə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin versiya kimi qəzanın “VAZ-21015”-in sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.