Lənkəranda infarkt keçirib köməksiz qalan qadın xilas olundu

Lənkəranda bağlı qapı arxasında qalmış yaşlı qadın xilas edilib. APA TV-nin cənub bürosunun məlumatına görə, xilas edilən şəxsin infarkt keçirərək yerdə huşsuz vəziyyətdə qaldığı məlum olub.

 

Hadisə gecə saatlarında Lənkəran şəhərinin mikrorayon ərazisində yerləşən yaşayış binalarından birində baş verib. Belə ki, bina sakinləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinə zəng vuraraq, yaşlı qadının bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığını bildiriblər. Dərhal hadisə yerinə mərkəzin xüsusi riskli xilasedici dəstəsi göndərilib.

 

Əməliyyat zamanı məlum olub ki, Zərifə Əliyeva küçəsi 78, bina 6, mənzil 45-də yaşayan təqaüdçü Valiyə Hüseynova evdə olsa da, ondan heç bir xəbər tutmaq mümkün olmur. Xilasedici dəstə xüsusi alət və avadanlıqlarının köməyi ilə 5-ci mərtəbənin aynabəndindən mənzilə daxil olaraq qadını ölümün cəngindən xilas edə biliblər.

 

Araşdırma zamanı o da məlum olub ki, Valiyə Hüseynova evdə tək olub və infarkt keçirdiyindən heç bir çağırışa reaksiya verə bilməyib. Ahıl qadın halsız vəziyyətdə gözləri açıq şəkildə yerdə uzanıbmış. Hadisə yerinə dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardın Stansiyasının həkim briqadası çağırılaraq, ona yerindəcə ilkin tibbi yardım göstərilib. Daha sonra  təcili tibbi yardım avtomobili ilə Valiyə Hüseynova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan verilən məlumata görə, hazırda Valiyə Hüseynova həkim nəzarəti altındadır. Ona müvafiq tibbi yardım göstərilib və həyatı üçün heç bir ciddi təhlükə yoxdur.

 

Müəllif | Apa.Tv