Dəniz faciəsinin qurbanları Milli Parkda anıldı
Bu gün "Günəşli" yatağındakı faciə nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq bir qrup gənc "Facebook" sosial şəbəkəsində yaradılan event vasitəsilə Dənizkənarı Bulvarda gördüyünüz bu əraziyə qərənfillər buraxaraq, onların xatirəsini yad ediblər.
Səhər saatlarından etibarən tədbirin keçirildiyi əraziyə insan axını müşahidə olunurdu. Gələnlər arasında həmin faciədə həlak olanları, itkin düşənləri tanıyan da vardı, tanımayan da. Aralarında azyaşlı da vardı, gənc də, ahıl da. Hər kəsi bura bir amil, ortaq kədər hissi gətirmişdi. Hamı bu dəhşətli hadisəni öz faciəsi qədər yaşayırmış kimi neftçilərimizi öz qoynuna alan Xəzərin sahilini qərənfillərə qərq edir, dənizə səssizcə baxıb keçirdilər.
Aksiyanın təşkilatçısı, jurnalist Hüseyn İbadlı deyir ki, bu tədbiri təşkil etməyi özünə borc bilib: "Biz bu tədbiri "Günəşli" yatağındakı 10-cu platformada baş vermiş yanğınla əlaqədar həlak olanların, itkin düşənlərin xatirəsini yad etmək üçün təşkil etdik. İndiyədək aksiyada 2500 nəfərə yaxın paytaxt sakini iştirak edib. Ümidvarıq ki, axşam saatlarınadək iştirakçıların sayında artım olacaq".
Hüseyn İbadlı həmçinin tədbirin gecə saatlarınadək davam edəcəyini bildirib.