Operativ qərargah: İki neftçinin meyiti ailəsinə təhvil verilib
SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 6-nın meyiti tapılıb.
APA TV-nin məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Saat 16:00-a olan məlumata görə, xilasedicilər tərəfindən itkin düşmüş 29 nəfərdən 6-nın meyiti tapılıb. Onlardan ikisinin cəsədi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə təhvil verilib. Tanınma prosesində məlum olub ki, bunlar Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğludur. Digər dörd nəfərin meyiti isə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil veriləcək" - deyən baş mühəndis əlavə edib ki, axtarış tədbirləri davam etdirilir.
B.Ağarəhimovun sözlərinə görə, yanğını söndürmək hələ ki mümkün olmayıb.