Leyla və Arif Yunusların apellyasiya şikayəti üzrə qərar dekabrın 10-da çıxarılacaq
Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
APA TV-nın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında Leyla Yunusun vəkili Elçin Sadıqov çıxış edərək, müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
E.Sadıqov deyib ki, bəraət hökmü çıxarılmasa belə, azadlıqdan məhrumetmə cəzası təyin olunmasın, məhkəmə qərar verərkən Leyla Yunusun səhhətini nəzərə alsın.
Arif Yunusun vəkili Əfqan Məmmədov müdafiə etdiyi şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda qərar çıxarıldığına görə məhkəməyə təşəkkür edib. Arif və Leyla Yunuslar vəkilləri ilə razı olduqlarını bildiriblər. Dövlət ittihamçısı isə məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını istəyib.
Məhkəmə prosesi dekabrın 10-da davam etdiriləcək.
Vəkil Ramiz Məmmədov: "Apelyasiya prosesində məhkəmə prosesi davam edib. Biz şikayətin dəlillərini məhkəmənin diqqətinə çatdırdıq. Məhkəmə bizi dinlədi və prosesi ayın 10-a qədər təxirə saldı və hesab elədi ki, ayın 10-da məhkəmə çıxışları geniş şəkildə dinləniləcək".
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.
Apellyasiya Məhkəməsi noyabrın 12-də keçirilən prosesdə Arif Ynus haqqında həbs-qətimkan tədbirini dəyişdirib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra A.Yunus məhkəmə zalından azadlığa buraxılıb.