Xəstə aparan sürücü başqa sürücünü xəstəxanalıq etdi
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində "Hyundai" və "Opel" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, hadisəyə təcili xəstəxanaya çatdırılmalı olan xəstəni aparan "Hyundai" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması səbəb olub. Belə ki, o, Azadlıq prospekti ilə hərəkətdə olarkən işıqforun qırmızı işığına məhəl qoymayıb və "Hyundai" Cəfər Xəndan küçəsi ilə hərəkət edən "Opel"ə çırpılıb. Nəticədə "Opel"in sürücüsü Feyruz Gülməmmədov xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Yaralı sürücünün qohumu Ülvi İsmayılov bildirib ki, "Opel" markalı avtomobil yaşıl işıqda hərəkət edib: "Sonata" qırmızı işığa məhəl qoymadı. Deyilənə görə, maşında xəstə olub və onu çatdırmaq üçün tələsirmiş".
Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. Qəzanın dəqiq səbəbi təyin edilmiş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.