Balaxanılılar əvvəl suyun azlığından, indi isə çoxluğundan əziyyət çəkirlər

Bura Sabunçu rayonunun Balaxanı qəsəbəsidir. Uzun illər içməli su qıtlığı yaşanan bir qəsəbə. İndi bu qəsəbədə çox şey dəyişib. Hətta bu dəyişikliklər o qədər sürətlə gedib ki, indi camaat su qıtlığından deyil, su bolluğundan əziyyət çəkir.

 

Bu vəziyyət əsasən, qəsəbənin Cahangi cahangirov və Müsavat küçəsində yaşanır. 4 ay əvvəl "Azərsu"nun çəkdiyi yeni su xətləri bu küçələrdən keçir və sakinlərə paylanır. Amma sakinlər deyir ki, işlər o qədər keyfiyyətli görülüb ki, sular evlərə, yox bax bu şəkildə yola axır.

 

Sakinlərin sözlərinə görə, 2007-ci ildən bəri qəsəbədə ciddi içməli su problemi yaranmışdı. Yeni su xətləri çəkiləndən sonra hər kəs susuzluğun aradan qaldırıldığını düşünüb. Amma nəticə göz qabağındadır. Deyirlər ki, küçələrə axan suyun hesabını da sakinlərdən tuturlar. Hər ay düz əməlli su görməyən ailələrdən xeyli pul istənilir. Sakinlərin isə istədiyi tamam başqa şeydir - rahatlıq.

 

Su içində qalan sakinlər problemin tezliklə həll edilməsini istəyirlər. Yaranmış vəziyyətlə əlaqədar rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliyinə müraciəət etdik. Başı qəsəbədəki parkın abadlasdırılmasına bərk qarışan icra nümayəndəsi geyim formasını əsas gətirərək kamera qarşısına çıxmaq istəmədi. Amma şifahi şəkildə dedi ki, sakinlər düz danışmırlar. O, sakinləri tək yalanşı yox, həm də borclu çıxardı. Əsilində problemin yeni çəkilən magistral xətlərdə deyil, daxili xətlərdə olduğunu bildirən icra nümayəndəsi deyir ki, sakinlər özləri suyu açıb yola buraxırlar və bu səbəbdən də "Azərsu"ya xeyli borcları yaranıb.

 

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı isə APA TV-yə dedi ki, indiyədək Balaxanıda, xüsusilə Cahangir Cahangirov və Müsavat küçələrində su qıtlığı problemi olub. Yay aylarında həmin ərazilərə həftələrlə su verilməyib.

 

Qəsəbədə işlərin başa çatmaması və küçələrin suyla dolması məslələsinə gəlincə, Anar Cəbrayıllı deyir ki, problem sırf köhnə şəbəkənin istismara yarasız olması ilə bağlıdır. "Təmiz şəhər" layihəsi çərçivəsində Balaxanı qəsəbəsində su təchizatı və kanalzasiya sistemi yenidən qurulacaq.

Müəllif | Apa.Tv
Almaz Qasımova