Telefon oğrusu: "Dörd dükandan 3000-ə yaxın pul qazanmışam"

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

 

APA TV-nin xəbərinə görə, Sumqayıt şəhəri ərazisində elektrik mallarının satışı ilə məşğul olan dörd mağazanın sahibləri polisə müraciət edərək, mağazalarından telefonların oğurlanması barədə məlumat veriblər.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt sakini, 22 yaşlı Kamil Rasim oğlu Nəsibov saxlanılıb. Saxlanılan şəxslə söhbət zamanı məlum olub ki, oğurluğa bu ilin may ayından başlayıb və sentyabra qədər dörd mağazadan xeyli sayda mobil telefon və planşet oğurlayıb: "Girdim, telefonu götürüb çıxırdım. Dörd dükandan 50-yə yaxın telefondur".

 

Saxlanılan oğurluq yolu ilə əldə etdiyi telefonların hamısını sata bilib. Pulları isə şəxsi istifadəsi üçün xərcləyib: "Xərcləyirdim. Baxmırdım kafedə, restoranda... Dörd dükandan 3000-ə yaxın pul qazanmışam".

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv