Həlak olan neftçilərin ailələrinə 80-140 min manat kompensasiya ödəniləcək
SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə və "Neft Daşları"nda baş vermiş bədbəxt hadisə dünyasını dəyişən, itkin düşən və xəsarət alan neftçilərə ödəniləcək kompensasiyaların həcmi açıqlanıb.
APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib ki, 3 azyaşlı uşağı, yaşı 30-35 arası olanlara, əmək haqqı 600-650 manat olan dünyasını dəyişən neftçilərin ailələrinə 80 min manat həcmində kompensasiya ödəniləcək.
"Təbii ki, bu rəqəm neftçinin əmək haqqından, iş stajından, ailə üzvlərinin sayından asılı olaraq 140 min manata qədər çata bilər. Bütün bunlar "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunla tənzimlənir" - deyən nazir əlavə edib ki, xəsarət alan neftçilərə əlillik dərəcəsi təyin olunacaq: "Məsələn, təxliyə olunan neftçilərdən biri Mərkəzi Neftçilər Xəstəxanasından 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib. Məlum olub ki, həmin neftçinin yanıq dərəcəsi 60%-dir. Həmin neftçiyə I dərəcəli əlillik təyin olunacaq".
Nazir qeyd edib ki, araşdırmalar zamanı məlum olub ki, 66 neftçinin hər biri əmək müqaviləsi ilə çalışıb. Əlavə edib ki, həmin hadisədə əməyin mühafizəsi, Əməyin təhlükəsizliyi üzrə mövcud olan qaydalar və normativlər necə gözlənilib bunlar aydınlaşdırılacaq və hüquq mühafizə orqanlarına təqdim olunacaq.
Məsələyə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev də münasibət bildirib: "Pensiya təyinatı məsələləri ilə bağlı həlak olmuş şəxslərin, ailə başçısını itirmiş ailə üzvlərinin pensiya məsələləri Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı tərəfindən xüsusi nəzarətə götürülüb. Hadisənin nəticələrindən asılı olaraq həlak olmuş şəxslərə, ailə başçısını itirməyə görə pensiya ilə bağlı qərarlar veriləcək".