"Günəşli"də yanğının söndürülməsində iştirak edən FHN-in gəmisinin komandiri vəfat etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib.

 

FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

 

"Təəssüflə qeyd edək ki, baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Vyaçeslav Sergeyeviç Kryuçkov dekabrın 7-də xidmətdə olduğu zaman səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri Sabunçu rayonundakı 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib", - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, Vyaçeslav Sergeyeviç Kryuçkov 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət edib, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb. Xidmətdə olduğu müddətdə özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıdıb. İki övladı var.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Apa.tv