Xidmət rəisi: "Bəzi dönərxanalarda xəstə heyvan ətləri verilir"

Bölgələrdə iribuynuzlu heyvanlar arasında yayılan xəstəlikdən dərhal sonra dönərxanalarda və iaşə obyektlərində monitorinqlər həyata keçirilir. Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə  Rüstəmova APA TV-yə dedi ki, dönərxanalarda at, eşşək əti ilə yanaşı, həm də leş olmuş, xəstə heyvanların ətlərinin də istifadəsinə qarşı mübarizə aparırlar. Hazırda 582 baş heyvanda simptomatik müalicə tədbirləri görülür.

 

Xəstəliyin yayılma arealında və rayonların sayında da ciddi azalma müşahidə edildiyini deyən xidmət rəisi hesab edir ki, havaların nisbətən sərinləşməsi xəstəliyin azalmasına, virus daşıyan qansoran həşəratların aktivliyinin zəifləməsinə gətirib çıxarıb. Elə bu səbəbdən də hazırda xəstəlik qeydə alınan rayonların sayı 41-dən 20-yə enib.

 

Bu xəstəliyin məhz qonşu ölkələrdən gətirilən heyvanlar vasitəsi ilə yayıldığı da bildirilir. Siyalə Rüstəmova deyir ki, ölkəyə gətirilən hər bir heyvan burda 20 gün karantin rejimində saxlanıldıqdan sonra onun digər heyvanlarla təmasına icazə verilir.

 

Xidmət rəisi xəstəlik başlayandan indiyədək 148 baş iribuynuzlu heyvanın tələf olduğunu deyir. Bu isə ümumi müalicəyə cəlb edilmiş heyvanların 0,06%-ni təşkil edir. Hazırda xəstə heyvanların müalicəsinin davam etdirildiini deyən xidmət rəisi onu da bildirdi ki, xarizdən gətiriləcək dərman preparatları hələ ki, gətirilməyib. Preparatlar gətirildikdən sonra yerlərə paylanılacaq.

 

Müəllif | Apa.Tv