Həlak olmuş neftçilərdən ikisi dəfn olundu
SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində dünyasını dəyişən iki neftçi bu gün dəfn olunub.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, xilasedicilər tərəfindən meyiti tapılan Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, 1968-ci il təvəllüdlü Ağa İzzət oğlu Mahmudov doğulduğu kənddə dəfn olunub.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, SOCAR-ın nümayəndələri də iştirak edib.
Dayısı Əlirza Əmircanov: "Həmişə işə gedib gəlirdi. Çox mehriban insan idi. O gələndə dostları çıxardı qabağına ki, Ağa gəlir. Əhlikef adam idi. O, bir gün gec gələndə kəndin cavanları darıxırdı ki, nə oldu, Ağa niyə gəlmədi. Elə bil ki, cəmiyyət üçün onu Allah yetişdirmişdi. Övladları qalıb. Biri 11-ci sinfi qurtarıb. Bu il vermişdi sənədlərini, girə bilmədi. Biri də 7-8-də oxuyur".
Qardaşı Maarif Mahmudov: "Həmişə öz aramızda zəngləşirdik. Mən də həmin idarədə işləyirəm. Dedi, vəziyyət yaxşıdır. Ehtiyatlı ol, bir azdan güclü külək olacaq, özünü qoru. Bir az keçmədi ki, gördüm hadisə baş verdi. Oranın alovu pəncərəyə düşdü. Hamı pəncərədən baxırdı. Gördük 10 nömrə alışıb yanır. Təbii fəlakətdir də, oldu belə. Zəng elədim, ona zəng çatmadı. Bir azdan zəng vurdum, zəng çatdı, götürmədi".
SOCAR rəsmisi Əhməd Əzizov: "Həlak olanların ailəsinə dövlət tərəfindən SOCAR tərəfindən maddi yardım olunacaq. Əsasnaməyə əsasən, ARDNŞ-ın hər biri 18 yaşına çatmamış - rəhmətliyin 2 övladı var, biri bu yaxınlarda əsgərliyə gedəcək, biri də məktəblidir - hər ay 262 manat ödəniləcək. Bundan əlavə, ARDNŞ tərəfindən də təzminat ödəniləcək. Dəfn xərcləri dövlət tərəfindən ödəniləcək".
Bu gün həm də Quba rayon sakini 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu Qubanın Alpan kəndində torpağa tapşırılıb.