"Ata, burada yanğın baş verib..." - İTKİN NEFTÇİ ZAUR HƏSƏNOVUN SON SÖZLƏRİ

Göyçay rayonunun Qaraməryəm kənd sakini olan Zaur Vahid oğlu Həsənov “Günəşli” neft yatağında baş verən yanğında itkin düşən neftçilərdən biridir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, 40 yaşlı Zaur ayın 15 gününü dənizdə işləməklə ailəsini dolandırırdı. Qəza baş verməsəydi, dekabrın 6-da 15 günlük iş növbəsindən çıxaraq evə gələcəkdi.

 

Üç övladı olan Zaura qəza anında əvvəlcə həyat yoldaşı, sonra atası və qardaşı zəng edib. Zaur həyat yoldaşına deyib ki, burada yanğın baş verib, narahat olmayın, salamatlıqdı. Bir saatdan sonra atası Vahid Həsənov oğlu ilə əlaqə saxladıqda, o, iş yoldaşları ilə birgə xilasedici qayığa mindiklərini, yeri darısqal olduğu üçün danışa bilmədiyini və telefonun enerjisinin tükəndiyini deyib: “Ata, burada yanğın baş verib, xilas olmağa çalışırıq, məndən narahat olmayın” deyib getdi. Telefonda Zaur və yanındakı yoldaşlarının qışqırıq səsləri eşidilirdi: “Ay Allah, bizə kömək ol”.

 

10-cu özüldə işləyən Zaurun qardaşı Müşfiq isə eyni vaxtda 8-ci özüldə işdə idi. O da qardaşı ilə əlaqə saxlaya bilməyib, telefonuna zəng çatmayıb: “Allahın göndərdiyi fəlakət, külək qardaşımı apardı”.

 

Yaşasaydı, dekabrın 16-da böyük oğlunun, dekabrın 24-də isə özünün ad gününü qeyd edəcəkdi. Zaur 10 ildən çox idi ki, dənizdə işləyirdi. Hazırda Zaurun ailə üzvləri onun möcüzə nəticəsində sağ qalaraq evə dönəcəyi ümidi ilə yaşayırlar.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov