Operativ qərargah: İtkin neftçilərin axtarışları dayandırıla bilər
SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.
APA TV-nin məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Saat 16:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib. Buna baxmayaraq, axtarış tədbirləri davam etdirilir", - deyə B. Ağarəhimov bildirib.
Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: "Yanğının söndürülməsi ilə 8 gəmi məşğuldur. Bununla yanaşı, yanğının söndürülməsinə bir neçə xarici mütəxəssis cəlb olunub".
Balamirzə Ağarəhimov onu da qeyd edib ki, yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları dayandırıla bilər. Belə bir qərarın qəbul olunmasına hava şəraitinin sabahdan etibarən kəskin pisləşməsi səbəb ola bilər. Onun sözlərinə görə, müvafiq qərar Fövqəladə Hallar Nazirliyi tərəfindən veriləcək.