Firudin Nəbiyev: "3500 nəfərin Azərbaycana girişlərinə məhdudiyyət qoyulub"
Bu gün Azərbaycanda qanunsuz yaşayan 5 194 nəfər xarici vətəndaş var. APA TV-nin xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə araşdırma aparılır, mövcud vəziyyət təhlil edilir: "Bunlar ən çox bizim qonşu ölkələrdən olan soydaşlarımızdır. Gürcüstan, Rusiya və MDB məkanında olanlardır. Bununla bağlı müvafiq təhlillər aparılır. İl ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan tədbirlər nəticəsində Azərbaycan ərazisindən haradasa 42 minə qədər xarici vətəndaş qanun pozuntularına, qeyri-qanuni fəaliyyətlərinə görə, 48 saat ərzində ölkə ərazisindən kənara çıxarılıb. Hazırda 3500 nəfərə qədər şəxsin ölkəyə girişlərinə məhdudiyyət qoyulmuş qoyulub".
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə bildirib ki, Dövlət Miqrasiya Xidmətində Azərbaycandakı bütün miqrantların, o cümlədən əməkçi miqrantların alt bazası var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində isə bütün əmək müqavilələrinin elektron qeydiyyatı bazası var: "Nazirlik olaraq Dövlət Miqrasiya Xidməti ilə bazalarımızın hansı qisim məlumatlarının elektron, dərhal onlayn rejimdə verilməsi məsələlərinə aydınlıq gətirməliyik. Müvafiq müqavilələr olmalıdır. Təəssüf ki, bu yoxdur. Biz çox inteqrə olunmuş bazaları ortaya qoymalıyıq. İstənilən halda miqrasiyada iş icazəsi alan şəxs dərhal bizim sistemdə görünməlidir".
Səlim Müslümov əlavə edib ki, gələn il üçün əmək kvotası builki həddə yaxın, yaxud bir qədər az ola bilər. Bu barədə müvafiq qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub: "Bu il üçün hədd 11 480-dir. Amma eyni zamanda siz bilirsiniz gələn il TANAP, TAP layihələri üzrə böyük işlər nəzərdə tutulub. Onların da nəzərə alınması vacibdir".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın 25 illiyinə həsr olunmuş büro iclası öz işinə başlayıb. İclas iştirakçıları əvvəlcə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.