Yayılan xəstəlik ətin qiymətinə təsir etməyib

Son vaxtlar respublikada mal-qara arasında yayılan xəstəliklər bazarda nə ətin, nə də yem məhsullarının qiymətinə təsir göstərib. Ümumilikdə ət baha hesab edilsə də, fermerlər, qəssablar yem məhsullarının mövcud qiymətiylə müqayisədə ətin baha olduğunu düşünmürlər. Əvvəlki illərlə müqayisədə mal bazarına çıxarılan heyvanların sayının azalması sadaladığımız qiymətlərin heç də stabil qalacağına ümid vermir...

 

Ölkənin maldarlıqla məşğul olan əsas bölgələrindən biri də Aran Qarabağ və ətraf rayonlardır. Hətta paytaxtda və rayonlarda mal-qara və ət ticarəti ilə məşğul olanlar satlıq heyvan almaq üçün əsasən Bərdə mal bazarına üz tutur. Amma qiymət məsələsi satıcı ilə alıcı arasında bəzən narazılığa səbəb olur...

 

Bahalıq bir yana, indi əsas qayğılardan biri də heyvanlar arasında xəstəliklərin yayılmasıdır. Amma istər satmaq üçün, istərsə də almaq üçün bura gələnlər deyirlər ki, bazarın hüdudundan içəri xəstə mal keçirmək mümkün deyil. Ona görə də alıcılar hesab edirlər ki, xəstə heyvana pul vermək təhlükəsindən uzaqdırlar.

 

Bərdə mal bazarının rəhbərliyi əminliklə deyir ki, heç kimə əraziyə xəstə mal gətirməyə imkan verilmir.

 

Bərdə Baytarlıq İdarəsinin rəisi Akif Alıyev isə APA TV-yə deyir ki, rayonda yerləşən bazara respublikanın 20-yə yaxın rayonundan mal-qara gətirlidiyini nəzərə alaraq, bu sahəyə ciddi diqqət yetirilir. Bu üzdən də Bərdə bazarına çıxarılan heyvanlar təhlükəli hesab olunmur.

 

İdarə rəsinin sözlərinə görə, ət kəsiminə də ciddi nəzarət olunur.

Müəllif | Apa.Tv