Nardarana elektrik enerjisinin verilişi bərpa edildi

Bakının Nardaran qəsəbəsində elektrik enerjisinin verilişi bərpa edilib. Bu barədə APA-ya qəsəbə sakini Natiq Kərimov məlumat verib.

 

Onun sözlərinə görə, ötən gün axşamdan qəsəbənin küçə və meydanlarına elektrik enerjisi verilib. “Əhaliyə isə hələlik elektrik enerjisi verilmir. Deyilənə görə, yaxın günlərdə əhaliyə də elektrik enerjisinin verilişi bərpa ediləcək” - deyə Natiq Kərimov vurğulayıb.

 

Digər Nardaran sakinləri isə APA-ya bildiriblər ki, artıq evlərə də işıq verilib. Belə ki, fərdi qaydada müraciət edib, “Azərişıq” ASC ilə yeni şərtlər əsasında müqavilə bağlayan sakinlərin elektrik enerjisi ilə təchizatı bərpa olunub.

 

Xatırladaq ki, “Azərişıq”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev bir müddət əvvəl APA-ya açıqlamasında qəsəbədə yenidən SMS tipli sayğacların quraşdırılmasına başlandığını bildirib.

 

Hazırda hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində əməliyyatı davam edir. Qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ götürülməyib. Qəsəbəyə daxil olan və çıxan hər kəs yoxlanılır. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur.

 

Nardaranın mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir.

 

Müəllif | Apa.Tv