Operativ qərargah: Sonuncu neftçi tapılana kimi axtarışlar davam edəcək

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə və "Neft Daşları"nın 501 saylı platformasında itkin düşmüş insanların axtarışı ötən gün  davam etdirilib.

 

APA TV-nin məlumatına görə, itkin düşən 26 nəfərin axtarışları helikopter və gəmilərlə aparılıb.

 

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib ki, SOCAR-a kömək edəcək şirkətin adı da məlum olub: “Bu, “Boots and Coots” şirkətidir. Üç nəfərdirlər. Onlar 10-cu dərin dəniz özülündə olublar, vəziyyətə baxıblar. Hazırda 5-ci özüldə öz texnikasını qurmaqla və gələcək fəaliyyət planını hazırlanması ilə məşğuldurlar”.

 

Balamirzə Ağarəhimov deyib ki, artıq “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə elektrik enerjisinin bərpasına da cəhd edilib. Bununla bağlı işlər davam etdirilir.

 

SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev isə bildirib ki, sonuncu neftçi tapılana kimi axtarışlar davam edəcək: "Proqnozlara görə, küləyin sürəti yenə də qalxacaq. Hava şəraiti kəskinləşəcək. Küləyin sürətindən asılı olaraq, təbii şəraitin imkan verdiyi qədəri ilə axtarışlar davam edəcək. Ümidimizi üzmürük. Sonuncu neftçi tapılana kimi axtarışlar davam edəcək".

 

Nizaməddin Quliyev dənizdə işləyənlərin təlim keçməməsi ilə bağlı ittihamlara itkin düşən neftçilərin imtahandan keçərək sertifikat alması ilə bağlı protokolları göstərməklə cavab verib: "Hazırda əlimdə 4 protokol var. Məsələn, 10-cu özüldə işləyənlərin və hazırda itkin düşən Qasımov İmran Şura oğlunun protokolu var. İmtahandan keçib və sertifikat alıb".

 

Müəllif | Apa.Tv