Kərpickəsən "cavan"ın dastanı

O, düz iyirmi il əvvəl torpaqsız qaldı... Həm də evsiz-eşiksiz... Tale yollarını dağdan arana, evdən çadıra, çadırdan yenə evə gətirdi. Ailəsini dolandırmaq qayğısı da köçkünlük dərdinin üstünə yükləndi. Yeganə nicat yolunu torpaqda tapdı. Amma məcburən tərk edildiyi torpaqda  yox, arabayla, əllə daşınan torpaqda. Övladını dolandırmaq üçün gücünü palçığa verib kərpic kəsməklə məşğul oldu. O kərpic ki, özü kimi evsiz qalanların özünə koma tikməsi üçün lazımdır.  Müsahibim Anar Mehdiyev Ağdamda doğulub, Dağlıq Qarabağ münaqişəsindən sonra ailəsi ilə birlikdə Bərdədə məskunlaşıb. Bir müddət burada yaşadıqdan sonra yenidən Ağdamın işğal altında olmayan əraziləırində məcburi köçkünlər üçün inşa edilən yeni qəsəbəyə köçürülür. Məktəbdə oxuduğu illərdə “Kərpickəsən kişinin dastanı”ndakı yaşlı kişi haqqında əfsanəni oxuyanda ağlına da gəlməzdi ki, ömrünün hələ gənc çağlarında özü də kərpickəsən olacaq.

 

“Hər parlayan qızıl olmadığı kimi, hər torpaqdan da kərpic olmaz” deyir qəhrəmanımız. Tez ovulmayan, vaxtsız aşınmayan kərpic düzəltməkdən ötrü  bəzən başqa-başqa yerləri axtarmalı olur.

 

Minbir zəhmətlə kəsdiyi kərpicə lazım olan torpağı heç də ucuz almır Anar Mehdiyev. Çəkdiyi zəhmətlə kərpicin satış qiyməti tərs mütənasibdir. Zəhməti ağır, xammalı baha, kərpicin qiyməti ucuz...

 

Alın təri ilə qazandığı çörəkpuluna naşükür deyil həmsöhbətimiz... yarıac, yarıtox işləyib kəsdiyi kərpicini, obrazlı desək, malını tərifləməyi də unutmadı...

 

Qışda kərpic kəsmək əlverişli olmadığından, Anar Mehdiyev boş dayanmamaq üçün fərdi işlərlə məşğul olur, fəhləlik edir. Sifarişlə iş götürür. Amma min bir əziyyətlə qazandığı pulla bəzən qayğılarını tam qarşılaya bilmədiyini də deyir. Əsasən də övladlarının istək və tələbatlarıyla bağlı çətinliklərini.

 

Zəhmətkeş kərpickəsən  bir anlıq nəfəsini dərib, bir udumluq çay içəndə gözü yollarda qalır. O yollarda ki yanından keçib onun doğma el-obasına gedir. Yollara yoldaş olacağı günü gözləyir səbirsizliklə. Öz kəndlərində başqaları üçün kərpic kəsmək üçün yox, həm də daşı daş üstə qoyub yenidən öz komasını  qaralamaq üçün burnunun ucu göynəyir...

Müəllif | Apa.Tv