Şirvanda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir

Bu gün Şirvan şəhərində Hacıqabul, Sabirabad, İmişli, Saatlı rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Olimpiya İdman Kompleksində keçirilən imtahanlarda 6500-dən çox müəllim iştirak edəcək.

 

Bildirilib ki, diaqnostik qiymətləndirmə proqram təminatı əsasında kompüterlər vasitəsilə həyata keçirilir: “Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar”.

 

Qeyd olunub ki, Şirvan şəhərində 9-13 dekabr tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.

 

Qeyd edək ki, müəllimlər imtahanlar başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin nəticələri ilə https://dq.edu.az/ saytında tanış ola biləcəklər.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı