Öldüyünü ailəsindən 3 gün gizlətdilər - NEFTÇİ MİKAYIL BABAYEVİN AİLƏSİNDƏN REPORTAJ
"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın zamanı həlak olanlardan biri də Mikayıl Babayevdir. İki gün öncə meyiti tapılmış 6 nəfərin arasında o da vardı. Dünən mərhum yaşadığı evdən son mənzilə yola salınıb.
Bu gün Mikayıl Babayevin yas mərasiminə baş çəkdik. Bizi ilk qarşılayan yaxın qohumlarından biri oldu. Başsağlığı verib içəri keçdik. Söhbət zamanı o, əslən Ordubad rayonundan olan Mikayıl Babayevin 53 yaşı olduğunu və iki övladının atasız qaldığını dedi. Oğlu ötən il orta məktəbi bitirib, qızı isə hələ 1-ci sinifdə oxuyur.
Oğlu İsmayıl Babayev: "Noyabrın 20-də işə gedib, dekabrın 5-də qayıtmalı idi. Axırıncı dəfə ayın 3-ü zəng elədi, danışdıq. Dedi, gələcəyəm də evə. Ayın 4-də, 5-də nə qədər zəng elədik, açmadı. Ondan sonra xəbərimiz oldu ki, partlayış olub".
Qaynı Sadıq: "Tanıdıq-tanımadıq, hamı burdadır. Heç bir çətinliyimiz yoxdur. Neft Şirkəti eləyib. Mən ailəsindən xəbər tutmuşam ki, bacımdan. Dedim, nə xəbər var Mikayıldan. Dedi, hər şey qaydasındadır. Külək olanda o neftçilərdən 3-ü düşəni radioda eşitdim, zəng elədim soruşdum, dedi onlarlıq deyil. Nigaran qalmışdıq. Onun sabahı günü özü ilə əlaqə saxlamışıq, deyib gələcəyəm, sabah çıxırıq. Sadəcə, küləyin olduğunu da bildirdi. Ayın 4-dən sonra zəng elədim, xəbər yoxdur. Bütün bu qərargahlarda olmuşuq. Birinci günü itkinlərin siyahında gördük. Ailəsinə 3 gün xəbər vermədik. Deyirdik ki, heç bir şey yoxdur. Elə etdik ki, televiziyaya belə baxmağa icazə vermirdik".
Anasının vəziyyəti ağır olduğundan, onu yas mərasiminə gətirməmişdilər. Dedilər ki, bu, onun ilk övlad itkisi deyil. Ana bir müddət öncə bir oğlunu da qəza nəticəsində itirib. İndi onun bircə qız övladı qalıb. Mərhumun balaca qızına da atasının ölümü barədə heç nə deməyiblər. O, hələlik xalasıgildə qalır. Xalası deyir ki, gizlətməyə çalışsaq da, o, atasının öldüyünü hiss edir. Neçə gündür atasını soruşur, yemək də yemir. Son dəfə telefonla danışanda atasından şokolad və süd istəyib.
Baldızı: "Dünən deyir atam haradadır, atamın iş vaxtı qurtarıb, atam gəlməliydi, gəlməyib. Deyirəm gələcək, deyir, yox, mən bilirəm, amma demirəm. Birinci sinifdə oxuyur, balacadır. Mənimlə qalır. Bilmir, hamının ağzına baxır, dünən evlərinə apardım. Gəldi adamları çox gördü, yemək yemədi. O gecə yatmadı nə başa düşmüşdüsə".
Yaxınlarına Allahdan səbir diləyib, itkin düşmüş digər neftçilərin də tapılması ümidi ilə geri döndük.