Leyla Yunus azadlığa buraxıldı
Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
APA-nın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasda Leyla Yunusun şərti olaraq azadlığa buraxılması barədə qərar qəbul olunub. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.
Apellyasiya Məhkəməsinin noyabrın 12-də keçirilən prosesində Arif Yunus barəsində həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Bundan sonra A.Yunus məhkəmə zalından azadlığa buraxılıb.