Xaçmazda itkin düşən kişinin meyiti 3 gün sonra öz maşınından tapılıb

Üç gün əvvəl itkin düşmüş Xaçmaz rayon sakinin meyiti tapılıb. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonun Üçgün kənd sakini, 1968-ci il təvəllüdlü İlqar Səlimovun meyiti 3 gün öncə idarə etdiyi “VAZ 21 011” markalı avtomobilin içərisindən Xaçmaz-Quba yolunun 4-cü kilometrliyində, körpünün altındakı dərədə kolluqlarının arasında aşkarlanıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Sürücünün çürümüş meyiti və maşın dərədən çıxarılıb.

 

 İ. Səlimovun qəzaya düşərək öldüyü ehtimal olunur. Ərazi kolluq olduğundan qəzaya düşən maşın və sürücünün yerini bir neçə günə müəyyənləşdirmək mümkün olmayıb. Xilasedicilər deformasiyaya uğramış minik avtomobili çıxararkən Xaçmaz-Quba yolunda təxminən 1 saat hərəkət məhdudlaşdırılıb. Yolda uzun tıxac yaranıb.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan