Prezident İlham Əliyev: “Azərbaycan Çinlə əməkdaşlığı genişləndirmək istəyir”
Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyev dekabrın 9-da Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub.
APA TV-nin məlumatına görə, diqqətə çatdırılıb ki, yeraltı heykəllər ordusu 1974-cü ildə kəşf edilib və dünya tarixinin ən önəmli arxeoloji tapıntılarından hesab olunur. 1977-1985-ci illərdə burada iki dəfə arxeoloji qazıntı işləri aparılıb.
1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən terrakota ordusu üç ayrı çuxurda dəfn edilib və çuxurlardan ən böyüyü əsasən piyada əsgərlərin heykəllərindən ibarətdir.
Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Çinin Şaansi vilayətinin qubernatoru Lou Çincyanla görüşüb.
Lou Çincyan İlham Əliyevin Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından şad olduğunu bildirib. “Siz görkəmli rəhbərsiniz” deyən qubernator prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın yaxşı inkişaf etdiyini vurğulayıb. Rəhbərlik etdiyi vilayətlə Azərbaycan arasında müəyyən oxşarlıqların olduğunu bildirən L. Çincyan qədim İpək Yolu üzərində yerləşən Şaansi vilayətinin tarixi haqqında danışıb.
Prezident İlham Əliyev isə Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından məmnun qaldığını, bunun bir çox səbəblərinin olduğunu deyib. Dövlət başçısı bildirib ki, Şaansinin qədim tarixi, güclü iqtisadiyyatı və sənayesi var. Terrakota Muzeyinin onda böyük təəssürat yaratdığını deyən prezident İlham Əliyev bunu Çin xalqının qədim tarixə və mədəniyyətə malik olmasının göstəricisi kimi dəyərləndirib. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına, eyni zamanda Şaansi vilayətinin məhsulları ilə Azərbaycanın daha yaxından tanış olmasına imkan yaradacağını deyən İlham Əliyev respublikamızın Çinlə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyində olduğunu bildirib.
Görüşdən sonra Şaansi vilayətinin qubernatoru Lou Çincyan adından Azərbaycan prezidentinin şərəfinə qəbul verilib.