Rusiyadan 215 min miqrant deportasiya olundu!
Bu il Rusiyadan qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 215 min mühacir deportasiya olunub. Rusiya Federal Miqrasiya Xidməti ölkədən çıxarılan miqrantların sayının artımasını bu sahəyə dair qanunvericliyin sərtləşdirilməsi ilə əsaslandırır. APA TV-nin xəbərinə görə, xidmətin rəisi Konstantin Romodanovski bildirib ki, yeni qanunvercilik tətbiq edildikdən sonra Rusiyaya yaşamaq və işləməyə gələn miqrantların sayında kəskin azalma baş verib. Əvəzində bu ölkədə fəaliyyətini qanuniləşdirən əmək mühacirlərinin sayı artıb. Tətbiq olunan qanun dövlətə əlavə gəlir də gətirib. Romodanovski təkcə 2013-cü ildə xarici ölkə vətəndaşlarına əmək fəaliyyəti üçün lisenziya verilməsindən yarım milyard dollar gəlir əldə edildiyini açıqlayıb.
Qeyd edək ki, rəsmi statistika açıqlanmasa da, bu il Rusiyadan deportasiya edilən əmək mühacirləri arasında azərbaycanlıların da sayı kifayət qədərdir. Moskva və ətraf rayonların bazarlarında, topdansatış mərkəzlərində keçirilən reydlər nəticəsində Rusiyada qeydiyyatı olmayan və işləmək üçün lisenziya almayan xeyli sayda azərbaycanlı aşkarlanıb və onlar Azərbaycana deportasiya olunublar.