Ərdoğan: "Türk hərbçiləri İraqda ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, türk hərbçiləri İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib: “Hərbçilərimiz Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”.
Türkiyə prezidentinin İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə görüşündə Mosul yaxınlığındakı türk hərbçilərinin əvəzlənməsi, terrorla mübarizədə əməkdaşlıq və bölgədə sabitliyin bərqərar edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Məsud Bərzanini Türkiyənin baş naziri Əhməd Davudoğlu da qəbul edib. Əhməd Davudoğlu bildirib ki, İraqın kürd muxtariyyətinin və Ərbilin sabitliyi Türkiyə üçün həyati əhəmiyyət daşıyır: "Çünki İŞİD-lə qonşu olmaq istəmirik. İŞİD-lə qonşu olmamaq üçün Ərbilin güclü olması lazımdır".
Dekabrın 4-də Türkiyə Mosul yaxınlığında İŞİD-lə vuruşan kürd silahlılarına hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib. İraqın baş naziri Heydər əl-Abadi isə Türkiyənin rəsmi Bağdaddan icazə almadığını bildirərək, hərbçilərin çıxarılmasını tələb edib.