Ağdamda leysan yağıb, bölgədə ciddi problemlər yaranıb
Xeyli sayda evə sel suları dolub. Bəzi mənzillərdə yaşayış imkansızlaşıb. Bölgənin bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb. Günün sonuna yaxın başlayan yağış az keçmədən leysana çevrilib. Təqribən iki saat ərzində küçə və kəndarası yollara yığılan su Çıraqlı kəndində bir neçə evə dolub.
Ən çox zərər görənlər isə dövlət yardımı ilə yeni ev tikdirən sakinlər olub. Müharibə vaxtı evləri dağılan sakinlərə yeni ev tikmək üçün dövlət tərəfindən verilən materiallar sel sularının altında qalıb.
Qonşu Mirəşelli kəndidndə də acınacaqlı vəziyyət yaranıb. Burada da bir neçə ev qəzalı vəziyyətə düşüb.
Hər iki kəndin əhatə olunduğu Əhmədağalı bələdiyyəsinin sədri Habil Abbasov APA TV-yə deyib ki, vəziyyətlə bağlı müvafiq dövlət qurumlarına məlumat verilib.
Yaşayış məntəqələrində vəziyyəti aradan qaldırmaq üçün əraziyə texnika və canlı qüvvə cəlb olunub. Sakinlərin üzləşdiyi əsas problemlərdən biri də sahələrdən yenicə toplanmış kənd təsərrüfatı məhsullarının, xüsusilə soğanın yağışdan qoruna bilməməsidir.